Tətil üçün niyə Batumini seçməliyik?





Roma, Paris, Amsterdam, Barselona və digər Avropa şəhərlərinə getmək viza qayğısı çəkmək, ilboyu pul yığmaq və tətildən qayıtdıqdan sonra cibimizdəki qara qəpiyə qədər xərcləməyə səbəb olur. Əslində isə büdcəmizə uyğun və istirahət etmək üçün əyləncəli bir çox yerlər var: Batumi kimi! Azərbaycan vətəndaşı olaraq sadəcə ümumvətəndaş pasportunu göstərməklə Gürcüstanın incisi olan, Qara dənizin sahilində yerləşən bu əsrarəngiz yerə gedə bilirik. Sizə istirahət üçün Batumini seçmək üçün bir neçə səbəb göstərəcəyik.


Qara dənizin sahilində yerləşən və Acarıstan Muxtar Respublikasının paytaxtı olan Batumi şəhəri təmiz havası və hüzur dolu atmosferi ilə bura gələn turistləri öz sehrinə salır. İllik orta temperatur 5-22 dərəcə arasında dəyişir. Yəni yayda istidən sıxılmağınız, qışda isə soyuqdan donmağınız mümkün deyil. 


Batumi çox da böyük şəhər deyil. Bu da o deməkdir ki, istənilən turistik yerləri çox rahatlıqla gəzə bilərsiniz. Şəhər 13 bölgəyə ayrılıb. Şəhərdaxili avtobuslar, taksilərlə istənilən yerə gedə bilərsiniz. Şəxsi avtomobillə getmək istəyənlər isə, yanacaq üçün əlavə pul götürməkləri məsləhətdir. Gürcüstanda yanacağın qiyməti Azərbaycandan bahadır. 


Bir-birindən gözəl kafeləri, heykəlləri və parklarıyla 7 km uzunluğundakı Batumi Bulvarı mütləq görməyiniz lazımdır. Əgər, adrenalin və ekstrim həvəskarısınızsa, paraşütlə tullanmaq, suya enən kiçik təyyarələr sizi gözləyir. Həmçinin gəmi turları da mövcuddur. Liman yaxınlığında isə bizi 7 metr hündürlüyündə bir heykəl qarşılayacaq. Sonsuz sevgini və irqlərarası fərqlərin sevgiyə əngəl olmadığını simvolizə edən azərbaycanlı oğlan Əli və gürcü qızı Ninonun heykəli marağınıza səbəb olacaq. Heykəl vizual olaraq hər 10 dəqiqədən bir bucağını dəyişərək Əli nə Ninonu bir-birinə yaxınlaşdırır. 


Şəhərin mərkəzindən 9 km uzaqlıqda yerləşən, dünyanın ən böyük nəbatət bağlarından olan Batumi Botanika Bağını görmədən keçmək olmaz. 108,7 hektarlıq əraziyə malik və içərisində 5000-dən çox bitknini yer aldığı bu yer sizi mütləq özünə heyran buraxacaq. Giriş sadəcə 6 laridir, təxminən bizim pulla 4 manat.


Bitdimi? Xeyr! Batumi Delfinariyasını görməlisiniz. Buradakı təlim görmüş delfinlərin nə qədər ağıllı olduğunu görmək lazımdır. Günorta saatlarından başlayan bu şoular axşam saatlarına qədər davam edir. Giriş bir qədər baha olsa da, delfinləri izləməyə dəyər.


Sonda əgər, bu yayı harada keçirəcəyiniz haqqında fikirləşirsinizə, qərarınızı mütləq Batumidən yana verin. 


Paylaş :
call us Zəng et whatsapp Whatsapp